Bu Veb səhifə Fərrux Qasımov tərəfindən Kodart lahiyəsi üçün hazırlanmışdır.
KREDİTLƏR ♣Qandakı eritrositlər
Qan -> orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və
orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. İnsan bədənin çəkisinin orta hesabla 8%-i
qan təşkil edir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Qanın
tərkibi 55-60% qan plazması və qanın formalı elementlərindən ibarətdir. Qanın formalı elementləri eritrositlər,
leykositlər, trombositlərdən, qan plazması isə fibrinogen və qan zərdabından ibarətdir.
Qanın formalı elementləri-> üç yerə ayrılır:
Eritrositlər -> Eritrositlər 1 mm3 qanda təqribən 4-5 milyon olur.
Ortası basıq disk formasındadır, qırmızı sümük iliyində yaranır. Yetkin eritrositlər nüvələrini itirirlər. Eritrositlərə
qırmızı rəng verən hemoqlobin zülalıdır. Hemoqlobin daşıyıcı funksiya yerinə yetirir. O özünə oksigen qazı
birləşdirəndə al-qırmızı rəngli (arterial), karbon qazı birləşdirəndə isə tünd rəngli qanın (venoz) yaranmasına
səbəb olur. Ömrü 120 gündür. Qaraciyər və dalaqda parçalanır.
Leykositlər -> Leykositlər 1 mm3 qanda təqribən 4-10 min olur. Rəngsizdir. Nüvəlidir. Əsasən, qırmızı sümük
iliyində və limfa düyünlərində yaranır. Dalaqda parçalanır. Ömrü bir neçə saatdan bir neçə günə qədər olur.
Ancaq bir neçə il yaşayanlara da təsadüf edilir. Bəzi leykositlər yalançı ayaq əmələ gətirə bilir. Buna görə də qan
damarlarından çıxır və orqanizmə düşən yad cisimləri zərərsizləşdirir. Belə hüceyrələr faqosit (uducu hüceyrlər)
adlanır. Onların fəaliyyəti isə faqositoz hadisəsidir. Faqositoz hadisəsini İlya İliç Meçnikov kəşf etmişdir.
Trombositlər -> Trombositlər (qan lövhəcikləri) 1 mm3 qanda təqribən 150-400 min olur. Qırmızı sümük
iliyində yaranır. Rəngsizdir və nüvəsizdir. Ömrü 7-10 gündür. Qaraciyər və dalaqda parçalanır. Trombositlər
qanın laxtalanmasını təmin edir.
Ürəyin quruluşu
Ürək -> Ürək qanın hərəkətini tənzimləyən yorulmaz bir "mühərrik"dir. O öz işini dövri olaraq təkrar edir. Ürək
orta döş xəttindən sol tərəfdə yerləşir. Ortayaşlı insanda onun çəkisi təqribən 250-300 qrama bərabər olur.
İnsanın ürəyi dörd kameralıdır. Yuxarı tərəfdə qulaqcıqlar, aşağı tərəfdə isə mədəciklər yerləşir. Mədəciklərin
əzələləri qulaqcıqların əzələlərindən qalındır. Sol mədəciyin əzələləri isə daha qalındır.
Ürəkdə yerləşən qapaqlar qanın bir istiqamətdə hərəkətinə səbəb olur. Qulaqcıqlarla mədəciklər arasında taylı
qapaqlar, ürəyin mədəcikləri ilə ürəkdən çıxan damarlar arasında isə aypara qapaqlar yerləşir. Adətən,
qulaqcıqların yığılması (sistola) oraya toplanmış qanı mədəciklərə (0,1 saniyə), mədəciklərin yığılması isə
(0,3 saniyə) qanı arteriyalara qovur. Bundan sonra ürək ümumi boşalma (diastola) vəziyyətində (0,4 saniyə)
olur. Ürəyin vurduğu qan arteriya damarları ilə axır, kapilyarlarda mübadilə baş verir və qan venalarla
ürəyə qayıdır
Əgər damarlar daralarsa, qanın hərəkətində baş verən dəyişikliklər müxtəlif xəstəliklərin yaranması ilə
nəticələnər. Ürəyin sol mədəciyinin yığılması zamanı aortaya vurulan qan onun ritmik titrəyişinə səbəb olur.
Bu dalğavari hərəkət ucqar arteriyalara qədər yayılır. Buna nəbz deyilir. Ortayaşlı sağlam insanların nəbz
vurğularının sayı dəqiqədə 70-75 olur.
Qanın bədəndə dövr etməsi
Qan dövranları -> Qan dövranı orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara
qovulmağa başlayır. Qan öz hərəkəti ilə toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon
qazını və maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır. Qan dövranı böyük qan
dövranı və kiçik qan dövranı olmaqla iki yerə ayrılır. Qan orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə
başa çatdırır. Qan dövranı başlanğıcı və sonu ürəkdə olan qan damarlarının yoludur. Qan dövranı sisteminə
ürək, arteriyalar, venalar və kapilyar qan damarları daxildir.
Kiçik qan dövranı -> Kiçik qan dövranı zamanı ürəyin sağ qulaqcığının taylı qapaqlarının açılması nəticəsində
sağ qulaqcıqdan sağ mədəciyə tökülən qan (venoz) karbon qazından təmizlənmək üçün ağciyərlərə aparılır.
Ağciyərlərdə qazlar mübadiləsi getdikdən sonra qan yenidən ürəyin sol qulaqcığına qayıdır. Yenə taylı qapaqlar
açılır. Qan sol mədəciyə tökülür. Beləliklə, ürək fasiləsiz olaraq işləyir.
Böyük qan dövranı -> Böyük qan dövranı qanın sol mədəcikdən çıxıb bədənin bütün arteriyaları, kapilyarları və
venaları ilə sağ qulaqcığına qədər keçdiyi yola böyük qan dövranı deyilir. Böyük qan dövranında ürəkdən
qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən ürəyə qayıdır. Bu qan dövranı ürəyin sol
mədəciyindən ən iri arteriya olan aorta damarı ilə başlayır.
Aorta öz gedişində şaxələr əmələ gətirir, bu şaxələrdən də bir cütü ürək əzələsini qanla təhciz edir. Bu damarlara
ürəyin tac damarları deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır. Döş və qarın
boşluğunda aortadan ayrılan arteriya şaxələri gövdəni, döş və qarın boşluğundakı orqanları və aşağı ətrafları
qanla təhciz edir. Hər bir üzvdə arteriyalar tədricən daha kiçik şaxələrə bölünərək, sıx kapilyar şəbəkəsini
əmələ gətirir. Bu kapilyarlar birləşib venaları əmələ gətirir. Bunlardan qan iki böyük venaya toplanır. Yuxarı
boş vena başdan, boyundan və yuxarı ətraflardan, aşağı boş vena isə bədənin digər hissələrindən, aşağı
ətraflardan və gövdədən qanı ürəyə daşıyır. Hər iki boş vena ürəyin sağ qulaqcığına açılır. Sağ qulaqcıqdan
venoz qan sağ mədəciyə tökülür.