Bu Veb səhifə Fərrux Qasımov tərəfindən Kodart lahiyəsi üçün hazırlanmışdır.

KREDİTLƏR ♣

İnsanın Sinir sistemi ☠

Sinir sistemi

sekil

İnsanın sinir sistemi

Sinir sistemi -> Sinir sistemi canlılarda qıcığa qarşı yaranan reaksiyalar və həmin reaksiyaları yerinə yetirən və
orqanizmin işini qaydaya salan xüsusi elementlərdir. Bunlara sinir elementləri (sinir sistemi) deyilir. Hər bir canlı
orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir.
Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır.

İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən
protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik,
işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis
və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət
taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd
edilir. Məsələn, kimyəvi maddələrə qarşı reaksiyaya – xemotaksis, işığa qarşı reaksiyaya – fototaksis, suya qarşı
reaksiyaya – hidrotaksis, havaya qarşı reaksiyaya – aerotaksis, elektrik qıcıqlarına qarşı reaksiyaya –
qalvanotaksis deyilir.

Sinir sisteminin ilk elementlərinə bağırsaqboşluqlularda təsadüf edilir. Bunlardan başlayaraq sinir sistemi tədricən
təkamül etmiş, mürəkkəbləşmiş və onurğalılarda, xüsusilə insanda yüksək inkişaf dərəcəsinə çatmışdır. Sinir
sisteminin canlıların həyatında əhəmiyyəti çox böyükdür. Məsələn, heyvanlarda əzələ sisteminə oyanma nəql
olunduqda o yığılır. Heyvanın tənəffüs mərkəzi zədələnərkən tənəffüs hərəkətləri pozulur. Ağız suyu, mədə
şirəsi və tər ifrazı, qan damarları mənfəzinin dəyişməsi, əlimizi isti bir əşyaya toxundurduqda çəkməyimiz -
bütün bu reflekslər sinir sisteminin iştirakı ilə baş verir.

Quruluş

sekil

İnsanın sinir sistemi

Sinir sistemnin quruluşu -> Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Sinir toxuması yüksək dərəcədə
diferensiasiya etmiş toxumadır. Bunun əsas xüsusiyyəti onun oyanma (qıcığı qəbul etmə) və naqillik (keçiricilik)
qabiliyyətinin olmasıdır. Sinir toxuması sinir hüceyrələrindən, onların çıxıntılarından və qliya adlanan
stromadan təşkil olunmuşdur. Sinir hüceyrəsi öz çıxıntıları və onların uc (hərəki və hissi) aparatları ilə
birlikdə neyron adlanır. İnsan beynində neyronların sayı 15 milyarda çatır.

Sinir toxumasını, əsasən, neyronlar və peyk hüceyrələri təşkil edir. Ətraf mühitdən qıcığın qəbul edilib ona
qarşı cavab reaksiyasının verilməsi neyronlar vasitəsilə həyata keçirilir və bu proses refleks adlanır.
Refleksin yaranmasında, adətən, hissi, ara və hərəki neyronlar iştirak edir. Hissi neyronlar impulsları duyğu
orqanlarından mərkəzi sinir sisteminə, hərəki neyronlar isə mərkəzi sinir sistemindən işçi orqanlara çatdırır.
Ara neyron hissi və hərəki neyronlar arasında əlaqə yaradır. Neyronlar cisimdən və çıxıntılardan ibarətdir.
Qısa çıxıntılar dendrit, uzun çıxıntılar akson adlanır. Hissi və hərəki neyronların aksonlarının yığını sinir
sisteminin ağ maddəsini (mielin qişası), hissi və hərəki neyronların cisimləri və dendritləri, ara neyron isə
bütövlükdə sinir sisteminin boz maddəsini əmələ gətirir. Neyronların bir-biri ilə çıxıntıları vasitəsilə təmas
yerləri sinaps adlanır. Doğulduqdan sonra insanlarda və əksər heyvanlarda neyronlar çoxalmır.

Lakin periferik hissləri (sinir düyünləri və mərkəzi sinir sistemindən çıxan sinirlər) regenerasiya yolu ilə
bərpa olunur. Sinir liflərinin regenerasiyası çox gec baş verir (sutkada 0,3-1 mm). Peyk hüceyrələrinin sayı
neyronlardan təqribən 10 dəfə çox olub, əsas funksiyası neyronların qidalanma, müdafiə və dayağını təmin
etməkdən ibarətdir. Sinir toxumasının əsas xassəsi oyanma qabiliyyəti və oyanmanı nəql etməsidir. Bunun
nəticəsində orqanizm müxtəlif qıcıqlara cavab verir.

Orqanizmin sinir sistemi vasitəsilə qıcıqlara verdiyi cavab reaksiyası refleks adlanır. Sinir impulslarının
keçdiyi yol refleks qövsüdür. Bura reseptor, hissi yol, mərkəzi sinir sisteminin bir hissəsi, hərəki yol və
işçi orqan aiddir. İnsanın müxtəlif orqanlarında qıcıqlan qəbul edən reseptorlar var. Reseptorlar kimyəvi,
mexaniki, elektrik və başqa qıcıqların təsirindən oyanır. Oyanma refleks qövsünün növbəti hissələri ilə
nəql olunur. Orqanizm həmin qıcığa qarşı müəyyən cavab reaksiyası verir. Əgər refleksin yaranmasında yalnız
hərəki və hissi neyronlar iştirak edirsə, bu reflekslərə sadə, hissi və hərəki neyronlarla bərabər bir və ya
bir neçə ara neyron da iştirak edirsə, bunlara mürəkkəb reflekslər deyilir. İnsan orqanizmində müxtəlif
mürəkkəb reflekslər baş verir.

Qıcıqlandırıcı maddələrin təsirindən gözdən yaş axması, burun boşluğuna yad cisimlər düşdükdə baş
verən asqırma, ləzzətli qida qoxusundan ağız suyunun ifrazı, iti və isti əşyalara toxunduqda əlin,
ayağın tez kənara çəkilməsi belə reflekslərə aiddir. Reflekslər insanın xarici mühitlə əlaqəsində
çox böyük əhəmiyyət kəsb edir.